Bu gecə Erdoğanla Putin telefonla Dağlıq Qarabağ məsələsini müzakirə ediblər – Anadolu Agentliyi yazır
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın 25-i gecə saatlarında telefon söhbəti baş tutub, Anadolu Agentliyi xəbər verib.
Agentlik yazır ki, Erdoğan və Putin söhbət zamanı “həm də Dağlıq Qarabağ məsələsini müzakirə ediblər”.
“Prezident Erdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə ortaq quracağı Mərkəzin tezliklə fəaliyyətə başlamasını gözlədiklərini bildirib.Türkiyə Prezidenti Putinlə söhbətində Ermənistan tərəfinin razılaşma ilə bağlı öhdəliklərindən qaçmasına icazə verilməməsinin vacibliyini vurğulayıb”, xəbərdə deyilir.
Agentlik cənab “Erdoğanın söhbət zamanı həmçinin Minsk Qrupunun digər həmsədrlərinin sülh cəhdlərini tənqid etmələrini anlamağın mümkün olmadığını bildirdiyini” vurğulayır.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə 27 sentyabrda, Dağlıq Qarabağ bölgəsində gərgin döyüşlərlə başlayıb.
Noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanat imzalayıblar.
Bəyanatda Azərbaycan və Ermənistan tərəfləri olduqları mövqelərdə qalması və Rus sülhməramlılarının bölgəyə gətirilməsi və ortaq Rusiya-Türkiyə müşahidə mərkəzinin yaradılması nəzərdə tutulub.